IQNA

Azadlıq və insan - Hacı İlham Əliyev

16:49 - April 19, 2018
Xəbər sayı: 3483050
Azadlıq vücudda olan müstəqillik, ixtiyar sahibi olmaq, könül verməmək və bağlı olmamaq, köləliyə qarşı sinə gərmək və öz taleyinə sahib çıxmaq anlamındadır.

Azadlıq və insan - Hacı İlham ƏliyevİQNA (Beynəlxalq Quran Xəbər Agentliyi): Azadlıq... Azad düşüncə... Bu məfhumlar hər bir insan üçün cəlbedicidir. Bəlkə də elə bu səbəbdən tarix boyunca insanları özünə cəlb etmək məqsədi ilə sözügedən müqəddəs kəlmədən sui-istifadə edilmişdir. Təbii ki, bu kəlmənin insanları cəlb etməsinin səbəbləri var. İnsanlar "azadlıq" kəlməsini eşitdikdə onun düşüncəsində adətən “qapalı”, “əsarət” şəraitində olmamaq fikri formalaşır. Şübhəsiz ki, hər bir insan qapalı və əsarətdə olmağı sevmədiyi üçün azadlıqdan xoşu gəlir. Ürəyi istəyir ki, azad olsun, azad düşünsün, öz ixtiyarı ilə rəftar etsin. Zatən insan heç kimdən təlim almadan azadlığı sevir və qapalı olmağı xoşlamır, hətta qapalılığa, əsarətə nifrət edir. Bütün şüurlu varlıqlar azadlıq axtarışındadır və qapalı şərait onların zati istəklərinin ziddinədir desək, yanılmarıq. Məhz bu səbəbdəndir ki, bizi “azad insan”, “azad düşüncəli” adlandıranda sevinir, “azadlıq”dan danışan insandan xoşumuz gəlir, ona cəlb olunuruq. Amma bir çox hallarda “azadlıq” sözünün mənasının incəliklərindən xəbərsiz oluruq.

 
Həqiqətənmi “azadlıq” sözünün yalnız bir anlamı var, yoxsa mənaca çoxçalarlıdır?
 
Əgər çoxmənalı kəlmələrdəndirsə və hər hansı bir anlamda işlənirsə, insanın zati istəklərinə uyğundurmu? Bəzi hallarda bunun əksinə, viranedici xüsusiyyətlərə də malikdirmi? 
 
Bəli, bu  kəlmənin mənasında yalnışlıqlara yol verməmək üçün müxtəlif anlamlara diqqət yetirməyimiz vacibdir.
 
Azadlıq - vücudda olan müstəqillik
 
Bir mövcud tam müstəqil olaraq heç bir mövcudun təsiri altında deyil.  Məsələn, belə təsəvvür edək ki, varlıq aləmi özü öz ayağı üzərində tam müstəqildir. Allahın iradəsinin onun hərəkətində heç bir müdaxiləsi yoxdur. Təbii ki, insan bu varlıq aləminin tərkib hissəsi olduğundan, o da tam müstəqildir və  heç bir iradənin təsiri altında deyil. Əlbəttə, bunu da nəzərdən qaçırmaq olmaz ki, varlıq aləminin müstəqil olması barədə iki baxış var. Bəziləri bu əqidədədirlər ki, ümumiyyətlə Allah yoxdur!. Odur ki, dünyanın onun iradəsinin təsiri altında olması mənasızdır. Bəziləri isə Allahın varlığını qəbul edir, amma dünyanı yaratdıqdan sonra artıq ona ehtiyac duyulmadığı və onun öz həyatına davam etdiyi düşüncəsindədir. Belələrinin baxışında dünya eynilə bir ev timsalındadır. Yəni bənna evi tikdikdən sonra artıq ona ehtiyac yoxdur və hətta bənna dünyasını dəyişsə belə, ev öz "həyatına" davam etməkdədir. 
 
Birinci baxışda Allahın varlığı, ikinci baxışda isə yalnız Allahın Rəbb olması inkar edilir. Və hər iki baxış bir çox rasional və nəqli dəlillərə əsasən batildir. 
 
Azadlıq - ixtiyar anlamında
 
Hələ müqəddəs İslam dini zühur etməzdən öncə alimlərin zehnini məşğul edən müzakirələrdən biri “insanın öz əməllərində azad, yoxsa məcbur” olması mövzusudur.
 
Bir çox ayə və hədislərdən məlum olan budur ki, Allah-taala bütün varlıqlar arasında yalnız insana ixtiyar və seçim qüdrətini vermişdir. Yalnız insan öz istəkləri qarşısında azaddır. İstər ilahi, istərsə də qeyri-ilahi istəklər qarşısında insan azaddır. Bu azadlıq insan yaranışının tərkib hissəsidir. Bu gün demək olar ki, artıq hamı bu azadlığı qəbul edir. Heç kim insanın məcbur olduğunu inkar etmir. Qurani-Kərim də bu zəruri və açıq-aydın olan məsələyə təkid edir: “Və de: haqq sizin Rəbbiniz tərəfindən olandır”. Buna görə də istəyən iman gətirsin, istəyən küfr etsin (Kəhf.29). Digər bir ayədə isə buyurur: “Həqiqətən, biz ona (insana) düz yolu göstərdik. İstər şükr etsin (qəbul etsin), istərsə də nankorluq”.
Ümumiyyətlə, Qurani-Kərimin insanların hidayət və təlim-tərbiyəsi üçün nazil olduğunu nəzərə alsaq, demək olar ki, əvvəldən sonadək insanın azad və ixtiyar sahibi olmasını dəstəkləyir. 
 
Bu iki məna bir-biri ilə fərqli olsa da, hər ikisi varlıq və yaranış sahəsinə aiddir. Məsələyə başqa prizmadan yanaşsaq, bu iki məna ilkin olaraq insanın azad olmasını bəyan edir. Odur ki, əgər insanın yaranışda azad olduğunu sübut etsək, bu o demək deyil ki, insan hüquqi və həmçinin dəyərlər baxımından azaddır, özü seçim etməli və istədyiyi şəkildə də yaşamalıdır.
 
Məhz bu məqamda çaşqınlıq yaranır, "azadlıq" kəlməsindən sui-istifadələr olur. İnsanın yaradılış baxımından azad olduğunu iddia edib, şəriət baxımından da azadlığı nəticəsinə gəlmək çox böyük yanlışlıqdır. Odur ki, düzgün düşünüb düzgün nəticə almaq üçün bu iki məqam – yaradılış və şəri - qarışdırılmamalıdır. 
 
Azadlıq - könül verməmək anlamında
 
Azadlığın bu mənasından  əxlaq və irfanda daha çox istifadə olunur. Bəzən insan bir çox əşyalara, varlıqlara könül verir və qəlbən nəyəsə bağlanır. Ayə və hədislərə istinad edən əxlaq  ustadlarının tövsiyələri budur ki, insan Allahdan və Allahın istədiklərindən savayı heç bir şeyə könül verməməklə tam azadlığını qorumalıdır. 
 
Köləliyin müqabilində olan azadlıq
 
Keçmiş zamanlarda bəzi insanlar digərlərini istismar edərək özlərinə kölə və qul etmişdir. Bununla yanaşı öz işlərini onlara gördürür, istədikləri vaxt yeni qul alır, istədikləri vaxt digərinə satır və ya azad edirdilər. 
 
Azadlıq - öz taleyinə sahib çıxmaq
 
Hüquq və siyasət aləmində daha çox istifadə olunan azadlıq isə bu mənadadır ki, insan ictimai həyatı haqda özü qərar versin. Heç bir şəxsin, gücün təsiri altında olmadan, azad düşüncə ilə həyatının axarını təyin etsin. Odur ki, həyatda başqasının göstərişləri ilə hərəkət edən, öz istədiyi kimi yaşamayan insan azadlıqdan məhrum olmuş hesab edilir. Beləliklə də, “insan azaddır”, - dedikdə, başa düşülən məna budur: heç kimin haqqı yoxdur ki, insana hökmranlıq etsin, onun həyatı, əməlləri üçün hansısa yol müəyyən etsin. İnsanın özünün bu haqqı digərinə verməsi müstəsnadır. (Nəbz qəzeti)
 
Hacı İlham Əliyev / AİP-in sədr əvəzi, ilahiyyatçı alim (maide.az)
Teqlər: iqna ، azadlıq ، İlahm Əliyev ، azad
captcha